Kondisioner seçimində nəyə diqqət etməlisiniz?

Kondisioner seçimi kifayət qədər mürəkkəb proses olduğundan bu işi peşəkarlara həvalə etməyiniz düzgün olardı, lakin  bu gün Azərbaycanın iqlim avadanlıqları bazarında külli miqdarda fırıldaqçı və qeyri peşəkarların olmasını nəzərə alıb  aşağıda sadalanan məlumatları  bilməyiniz gələcəkdə yarana biləcək problemlərdən sizi xilas edəcək və aldanmanın qarşısını alacaq.

Kondisioner gücünün seçilməsi:

Kondisionerlərin güclərini daha dəqiq olaraq seçmək üçün texniki mühəndis hesabatı lazımdır ki, burada otağın həcmi, təyinatı, pəncərə sahəsi, divarların qalınlığı, döşəmə və tavanının materialları , cəhətləri  (şimal, cənub, qərb, şərq və s. ), işıqlandırma (lampalar, lüminisent, led işıqlar və s. ),  ofis (kompyuter printer, skanner və s. )  və məişət texnikasından  (televizor, soyuducu, qaz peçi və s. ), otaqda oturan, işləyən və ya hərəkət edən  insanlardan ayrılan istilik, havalandırma vasitəsilə yaranan itkilər və s.  nəzərə alınmalıdır.

Ancaq bütün bulara baxmayaraq, əgər siz mənziliniz və ya eviniz üçün kondisioner seçimi etmək istəyirsənizsə asan hesablana bilinən metodlardan istifadə edə bilərsiniz ki, bunlardan biri də aşağıdakı qaydadadır.

Otağın eni, uzunluğu və hündürlüyünü  bilib həcmini hesablayırıq (V = en × uzunluq  × hündürlük) və alınan rəqəmi  35 ~ 50 arası əmsala vuraraq  tələb olunan soyutma gücünü Vattla tapırıq və Kilovatta çevirmək üçün 1000 -ə bölürük.   Əmsalın seçimi isə otağın təyinatından, cəhətlərindən, yerləşməsindən, divarlarının, döşəməsinin  və tavanının materialından və pəncərə sahəsinin ölçüsündən asılı olaraq dəyişilir.

Məsələn, eyni həcmli lakin müxtəlif təyinatlı otaqlarn soyutma gücləri fərqli ola bilər.

Məsələn zal otağı üçün kondisioner seçdikdə  müxtəlif tədbirlərin keçirilməsi  zamanı qonaqların olmasını, adətən zal sahələri böyük olduğundan  həmin otaqların pəncərə sahələrinin də böyük olmasını və zalla hollun  qapısının həmişə açıq olmasını nəzərə alaraq əmsalı 45 və ya 50 olaraq nəzərə almaq  lazımdır.

Yataq otağı üçün kondisionerin soyutma gücünü  hesabladıqda  həmin otaqda insan yatarkən soyuq olmamasını və adətən həmin otaqda kondisionerin gecələr işləməsini nəzərə alaraq əmsalı 35 olaraq seçə bilərsiniz.

Zal 40m2 × 3metr = 120 m3 × 45 = 5400 / 1000 = 5. 4 Kvt / saat

Yataq otağı 40m2 × 3metr = 120 m3 × 35 = 4200 / 1000 = 4. 2 Kvt  / saat

Gördüyünüz kimi müxtəlif təyinatlı lakin eyni həcmli otaqların soyutma gücləri də müxtəlif oldu.

Bəzi istehsalçılar vardır ki, onlar soyutma və ya isitmə güclərini BTU/ saat ilə göstərirlər. Kilovattdan BTU -ya keçid üçün isə   1 Kvt = 3412 BTU  ölçü vahidindən istifadə edərək lazım olan kondisioneri tapa bilərik.

Kondisionerin elektrik  enerjisi sərfiyyatının seçilməsi:

Qeyd etmək istərdik ki, məhsuldarlığın göstəricisi olan Kvt /saat – la  elektrik enerji sərfiyyatı olan      Kvt /saat – ı qarışdırmaq olmaz.  Çoxları elə düşünür ki, bu eyni göstəricidir amma bu tamamilə yanlış fikirdir.  Əgər kondisionerin sərf etdiyi elektrik enerjisi sərfiyyatı sizin üçün önəmlidirsə kondisioner seçimi etdikdə aşağı enerji sərfiyyatı ilə yüksək soyutma və isitmə məhsuldarlığı olan avadanlıqları seçmək məsləhətdir.  Bunun üçün  təbii ki, yüksək enerji effektivliyinə və faydalı iş əmsalına malik inverter texnologiyalı kondisionerləri seçsəniz istehsalçıdan və modeldən asılı olaraq elektrik enerjisinə 40 %-ə qədər qənaət edə bilərsiniz ki, bu da sizin büdcənizi artıq xərclərdən azad edəcək .  Ona görə də elektrik enerjisi sərfiyyatı və ya  kondisonerin hansı enerji effektivlik sinfinə (A, A+, A++, A+++)  aid olması haqqında satıcının  şifahi məlumatlarını deyil istehsalçının internetdə yerləşdirdiyi rəsmi məlumatları gözdən keçirməniz məsləhətdir.

Kondisioner tipinin seçilməsi :

Əsas məqamlaran biri kondisioner tipinin seçilməsidir.  Kondisioner tipinin seçilməsi dedikdə evinizin, otağınızın və ya obyektinizin  dizaynına, interyerinə texniki cəhətdən funksionallığına uyğun tipin seçilməsidir.

Əgər siz otağınızın və ya obyektinizin tavanını hər hansı fiqurlarla və ya formalarla aşağı salaraq yığdırmaq istəyirsınizsə və  daxili divarlarda və ya döşəmədə heç bir kondisioner qurğusu istəmirsinizsə  onda siz kasset və kanal tipli kondisionerləri seçməlisiniz.  Kanal və kasset tipli kondisionerlər asma tavanın altında yerləşdirilir, nisbətən kiçik gücdə olanları   mənzil və ya evlər üçün  istifadə olunur.  Divar tipli kondisionerlərin gücləri  nisbətən kiçik olduğundan (8. 7 kvt.  – 30 000 BTU) kasset (15. 0 kvt.  – 51 000 BTU) və kanal tipli (28. 0 kvt.  – 100 000 BTU) kondisionerlərin gücləri daha yüksək olduğundan onların    alış veriş mərkəzlərinin, kinoteatrların, restoranların, kitabxanaların və s.  nisbətən böyük sahəli obyektlərin   soyudulub isidilməsində rolu əvəzedilməzdir.  Divar tipli kondisionerlərdə  kondensat suyu mütləq  maili olaraq aparıldığı halda  kasset və kanal tipli kondisionerlər əsasən  drenaj pompası ilə təchiz olunduğundan yaranmış  kondensat suyunun bayıra çıxarılması daha asanlaşır.  Bütün iqlim avadanlıqları quraşdırılarkən  soyuq və ya isti hava axınının pəncərə istiqamətinə yönləndirilməsi məsləhət görülür.

Əgər siz otağınızın tavanını aşağı salmaq istəmirsinizsə və ya buna texniki cəhətdən imkan yoxdursa onda siz divar, döşəmə və sütun tipli kondisionerlər seçə bilərsiniz.

Adətən döşəmə tipli kondisionerlər hündürlüyü nisbətən aşağı olan  və kondisionerin quraşdırılması üçün nəzərdə tutulan divarın hündürlüyü az olan mansard sahələri üçün istifadə olunur ki, bu da belə sahələrin soyudulub isidilməsi problemini asanlıqla həll edir.

Sütun tipli kondisionerlər yüksək məhsuldarlığa (15kvt – 51 000 BTU)  malik olduğundan böyük zalların soyudulub isidilməsində əlverişli yer tutur.  Belə tip kondisionerlərdə hava miqdarın çoxluğuna görə səs səviyyəsi nisbətən yüksək olduğundan    bunları yataq və istirahət  otaqları üçün almaq məsləhət görülmür.

Kondisionerin səs səviyyəsinin seçilməsi:

Müxtəlif istehsalçıların  eyni soyutma və ya isitmə məhsuldarlığına malik kondisionerlərinin

səs səviyyəsi də müxtəlif ola bilər.  Adətən çoxları belə düşünür ki, kondisionerin məhsuldarlığı nə qədər çoxdursa onun səs səviyyəsi də bir o qədər artmalıdır  amma bu həmişə belə deyil.  Qiyməti nisbətən  baha olan modellərdə  yüksək texnologiyalar və maya dəyəri yüksək olan materiallardan istifadə etməklə  aşağı səs səviyyəsinə nail olunur. Məhz bu  və ya başqa göstəricilər malın maya dəyərinin artmasına səbəb olur.

Kondisionerin istehsalçısının və ya Brendinin seçilməsi:

Geniş azad iqdisadi münasibətlər və əlaqələr nəticəsində bu gün Azərbaycan kondisioner bazarına  bir çox ölkələrdən iqlim avadanlıqları və ya kondisioner sistemləri idxal edilir.  Amma çox təəssüf ki, idxal olunan malların hamısı keyfiyyətli deyil və hətta texniki parametrləri (soyutm və isitmə gücləri, səs səviyyələri, hava miqdarı, elektrik enerjisi sərfiyyatı və enerji effektivlik sinfi) standartlara uyğun gəlmir.  İlk növbədə,  seçim edərkən  brendin tanınma dərəcəsinə, məşhurluğuna, qiymətinə və başqa alıcılar tərəfindən verilmiş irad və rəylərə fikir verib aldanmamağınızı məsləhət görürük.  Malın qiymətinin çox ücüz olması da şübhə doğurmalıdır.  Dünyaca  məşhur brendlər öz məhsullarını laboratoriya şəraitində  müxtəlif testlərdən keçirərək keyfiyyətə nəzarət edir və alıcı məmnuniyyətini üstün tutaraq  öz adının və brendinin  məhsullarını   inkişaf etdirir,    daha da təkmilləşdirir, mükəmməlliyinə nail olur.

Kondisioner üçün montaj ustasının seçilməsi:

Bu gün Azərbaycanın əmək bazarında  bütün sahələrdə olduğu kimi iqlim avadanlıqları montajı üzrə  müxtəlif bilik və təcrübəyə  malik olan ustalar və ya briqadalar  çoxdur.  Kondisioner seçimini edib əgər onu tanımadığınız və zəhmət haqqı nisbətən aşağı olan ustanın vasitəsilə quraşdırmaq və ya montaj etdirmək istəyirsinizsə  bunu etməyin.  Əvvəla kondisioner satan şirkətlər  mallara  zəmanət vermək üçün  özlərinin servis ustaları tərəfindən  montaj edilməsini məsləhət görür və gələcəkdə yarana biləcək problemlərin həlli üçün siz telefonu söndürülmüş usta axtarışındansa rəsmi servisə müraciət etsəniz  problemlərdən uzaq ola bilərsiniz.  Çoxları elə düşünür ki, kondisionerin montajı asan və diqqət tələb etməyən bir işdir, bu tamamilə yanlış fikirdir.  Kondisioner montajı çətin, məsuliyyət tələb edən və mürəkkəb işdir. Birincisi montaj  zamanı qiyməti heç də ucuz olmayan  müxtəlif  peşəkar alətlərdən istifadə edilməlidir və yalnız tərübəsi və peşəkarlığı olan usta və şirkətlər bu alətlərə sahibdir. İkincisi isə kondisioner alan zaman bu şirkətin iqlim avadanlıqları sahəsində ixtisaslaşmış olduğu şirkətdən almağınız məsləhət görülür , hansılar ki, yalnız iqlim avadanlıqlarının satışı, quraşdırılması , servisi ilə məşğul olur və ustalara və ya servis işçilərinə vaxtaşırı keçirdiyi təlim – ixtsasartıma kursları sayəsində daha peşəkar səviyyədə müştərilərə xidmət göstərir. Yaxşı usta keyfiyyətsiz kondisioneri peşəkarcasına montaj edərək brendi qaldıra bilər, pis usta isə keyfiyyətli kondisioneri pis montaj edərək brendi hörmətdən sala bilər.

Hörmətli izləyicilər yuxarıda sadalanan məqamlardan başqa kondisioner seçimi etdikdə bir sıra başqa sadalanmayan göstrərici, funksiya və xüsusiyyətlər də var ki, bunlar da kondisioner seçimində öz rolunu oynayır.  Bunlara  hansı  hava filterlərinin  (Nano platinium, Anti oksidant, Anti allergen, Anti bakterial, Aktiv karbon və s. ) , əlavə funksiyaların (Avtorestart , İ feel,  3D İ see sensor, 3 D Airflow, İ save, həftəlik gə ya günlük Timer, Long  və s. ) olması  və  iç blokların hava miqdarının  otağın havasını  1 saat ərzində minimum 5-6 dəfə mübadilə etməsi xüsusiyyətinin  olması  aiddir.

Bütün qeyd olunanları nəzərə alaraq kondisioner seçiminizi düzgün etmənizə ümid edirik.